UniversiTest - Yardım və Təlimatlar
Giriş
UniversiTest istifadəsi asan, sürətli və peşəkar imtahan platformasıdır. Platformadan həm fərdi müəllimlər və təlimçilər, həm də məktəblər, universitetlər kurslar və digər müəssisələr istifadə edə bilərlər. Tələbələr (şagirdlər, imtahan (və ya quiz) iştirakçıları) platformada qeydiyyatdan keçmədən imtahanlarda iştirak edə bilərlər. UniversiTest platformasında hesab yaradan hər bir müəllim (təlimçi) avtomatik olaraq Pulsuz plana abunə olur. Yüksək planlarda genişləndirilmiş istifadə resursları, ətraflı imtahan hesabatları və Süni İntellektlə gücləndirilmiş xüsusiyyətlər mövcuddur. UniversiTest-də müəllimlər Süni İntellekt alətlərindən istifadə edərək test suallarını əl ilə daxil etmək əvəzinə sürətli şəkildə yarada, açıq sualların cavablarını avtomatik olaraq yoxlaya, mürəkkəb riyazi düsturları bir neçə saniyədə testə daxil edə və həmçinin, tələbələr haqqında hesabat sorğularına sürətli şəkildə cavab ala bilərlər. Bundan başqa platformada siniflər yaratmaq, tələbələrin (şagirdlərin) inkişafını izləmək və onlara AI Mentor xüsusiyyətini təqdim etmək mümkündür.
  Qeyd edək ki, UniversiTest platformasında bir çox Süni İntellekt xüsusiyyətləri olsa da, son qərarı verən şəxs müəllimdir. Burada Sİ müəllimin işini sürətləndirən köməkçi alət kimi təqdim olunur.
Qısa videoizah
Aşağıda UniversiTest platformasından istifadə qaydalarını ətraflı oxuya və ya əvəzində bu qısa video dərsə baxaraq əsas xüsusiyyətləri sürətli şəkildə öyrənə bilərsiniz.
Video 1080p keyfiyyətdə mövcuddur. Keyfiyyəti dəyişmək üçün pleyerin ayarlarından (⚙️) istifadə edin.
1. Yeni Test necə yaradılır?
Test yaratmaq üçün İdarəetmə Panelində "+ Yeni Test Yarat" düyməsini basın. Açılan səhifədə "Testin adı" qutucuğunda testinizə keçirəcəyiniz imtahanın mövzusuna uyğun bir ad verin (məsələn, Karbon birləşmələri). "Ümumi İmtahan Müddəti (Dəqiqə)" hissəsində bu test əsasında keçirəcəyiniz imtahanın müddətini daxil edin. Əgər imtahanda dinləmə sualı olacaqsa, "Sualda audio olacaq" bölməsini aktiv edin. "Davam et → Sual əlavə et" düyməsini basdıqda proqram tərəfindən boş test yaradılacaq. Bu testə suallarınızı əlavə etdikdən sonra İdarəetmə Panelindən bu test əsasında imtahan başlada bilərsiniz.
2. Sualların əlavə edilməsi
Test yaratdıqdan sonra artıq İdarəetmə Panelinizdə olan boş testə suallar əlavə edə bilərsiniz. Bunun üçün "Suallar" düyməsini basmaq və ya testin adına klikləmək lazımdır. Bu zaman testin içinə daxil oluruq. Universitest platformasında test suallarını avtomatik olaraq Süni İntellekt ilə də yaratmaq mümkündür.
Əl ilə sual daxil etmək lazım olduqda "Yeni sual əlavə edin" başlığının altında olan sual qutucuğuna sualın mətnini daxil edin. Sualları Süni İntellekt vasitəsilə sürətli şəkildə hazırlamaq üçün "Süni İntellektlə Yarat" bölməsini açın.
Sualınıza şəkil əlavə edə bilərsiniz. Bunu kompüterinizdən yükləməklə və ya bufer yaddaşdan yapışdırmaqla edə bilərsiniz. Həmçinin UniversiTest platformasını tərk etmədən Google axtarış sistemində şəkil axtarışı edə bilərsiniz. Bu zaman seçdiyiniz şəkli kopyalayaraq bufer yaddaşdan yapışdırma düyməsi ilə suala əlavə edə bilərsiniz.
  Universitest platformasında testlərə müxtəlif formatlı suallar əlavə edə bilərsiniz: Çoxseçimli sual (5 varianta qədər cavab seçimi qoymaq mümkündür), Açıq tipli sual (doğru cavab söz, söz birləşməsi və ya cümlə ola bilər), Doğru/Yanlış tipli sual və Sıralama tipli sual (6-ya qədər element əlavə etmək mümkündür). Hər suala uyğun bal təyin edə bilərsiniz. Bu, imtahan zamanı suala doğru cavab verən tələbələrin ballarına əlavə olunur. Cavab variantlarını yazdıqda doğru variantın hansı olduğunu proqrama bildirmək üçün həmin cavabın qarşısındakı işarəni qeyd edin. Açıq tipli sual daxil edərkən model cavab hissəsinə sualın doğru cavabını yazmaq lazımdır. Açıq tipli suallara yazılan cavablarda böyük və kiçik hərfli cavablar doğru qəbul olunur. Sıralama tipli suallarda müəllim doğru sıralamanı daxil etməlidir. İmtahan zamanı proqram sıralamanı qarışdırır. Sonda "Sualı əlavə et" düyməsini basmaq lazımdır.
Sualları testinizə sürətli şəkildə əlavə etmək üçün "Süni İntellektlə Yarat" bölməsini açın.
Burada görünən üsullardan birini seçərək Süni İntellekt vasitəsilə suallar yaratmaq mümkündür. Dərs materialınızdan lazımi bir hissəni yapışdıraraq Süni İntellekt ilə çoxsaylı suallar yarada bilərsiniz. Yaxud süni intellektə mövzu verməklə müxtəlif sayda, sual tipində və çətinlikdə suallar yarada bilərsiniz.

3. İmtahan sessiyasını necə başlatmalı?
Testinizə sualları əlavə etdikdən sonra əsas səhifəyə (İdarəetmə Panelinə) qayıdın. Artıq testinizdə sual olduğu üçün onun qarşısında yaşıl ox işarəsi görünəcək. Bu, "İmtahanı başlat" düyməsidir. Bu düyməyə basdıqda Sessiya Tənzimləmələri səhifəsi açılacaq. Bu səhifədə bu imtahan sessiyası üçün parametrləri tənzimləyə bilərsiniz. Belə ki, əgər sinif yaratmısınızsa, tənzimləmələrdən sinif siyahısından istədiyiniz sinfi seçib həmin sinifin şagirdləri (tələbələri) ilə imtahan keçirə bilərsiniz. Bu halda verdiyiniz qoşulma kodunu daxil edib imtahana qoşulan tələbələr (şagirdlər) öz adları olan bir siyahı görəcəklər. Hər bir tələbə öz adını seçərək təsdiqləməklə imtahana qoşulur. Əgər sinif yaratmamısınızsa, o zaman belə bir siyahı görünməyəcək. Bu halda imtahana qoşulan hər bir tələbə qoşulma kodunu daxil etdikdən sonra öz ad və soyadını da daxil edərək imtahana qoşulur. Tənzimləmələrdə həmçinin açıq tipli sualların Süni İntellekt köməyilə avtomatik yoxlanılması xüsusiyyətini də aktivləşdirə bilərsiniz. Bu xüsusiyyət yalnız imtahan keçirdiyiniz testdə açıq tipli sual olduqda tənzimləmələr bölməsində görsənir. Tənzimləmələri etdikdən sonra "Canlı Sessiyanı Başlat" düyməsini basaraq tələbələrlə canlı - nəzarətli imtahan keçirə bilərsiniz. Əgər tələbələrinizlə link əsaslı imtahan keçirmək istəyirsinizsə, "Ev tapşırığı/Link" seçimini seçməlisiniz. Bu halda imtahanı başladarkən proqram sizə link təqdim edəcək. Bu linki tələbələrinizlə paylaşaraq onların imtahana qoşulmasını təmin edə bilərsiniz. Link əsaslı imtahanlar üçün müddət təyin edə, həmçinin imtahanı vaxtından əvvəl sonlandıra bilərsiniz.

4. Canlı (Nəzarətli) imtahanın idarə edilməsi
Canlı sessiya başlatdıqda proqram 6 simvollu unikal kod yaradır. Bu kod həmin sessiya üçün yaradılır. Kodu tələbələrinizlə paylaşın. Onlar öz giriş səhifələrində bu kodu daxil etdikdə sizin imtahana qoşulacaqlar. Tələbələr imtahana qoşulduqdan sonra siz İmtahanı Başlat düyməsini basmaqla sualları tələbələrin cihazlarında göstərmiş olursunuz və onlar sualları cavablandırmağa başlayırlar. İmtahan zamanı tələbələrə real vaxt rejimində nəzarət, onların ekran fəaliyyəti və imtahanın idarə olunması Sessiya Panelində yerinə yetirilir.

5. İmtahan nəticələri və analiz
İmtahan bitdikdən sonra nəticələrin yoxlanılması, statistik göstəricilər və tələbə fəaliyyətinin analizi üçün əvvəlcə İmtahan Tarixçəsi bölməsinə daxil olmaq lazımdır. Burada siyahıdan istədiyiniz imtahan sessiyasını seçib ətraflı hesabata baxa bilərsiniz. Burada sual-sual analiz və fərdi imtahan göstəriciləri olur. Hesabatları çap edə və ya Excel formatında kompüterinizə yükləyə bilərsiniz.
6. Sinif yaratmaq və tələbələri (şagirdləri) əlavə etmək
UniversiTest platformasında şagirdlərin (tələbələrin) qeydiyyatdan keçməyinə ehtiyac yoxdur. İstənilən şagird (tələbə) müəllimin paylaşdığı imtahan kodu və ya linki ilə imtahana daxil ola bilər. Lakin şagirdlərin (tələbələrin) inkişaf qrafikini izləmək, onların imtahan tarixçələrini görmək, onlara Süni İntellekt mentoru xüsusiyyətini təqdim edə bilmək üçün şagirdlər (tələbələr) UniversiTest platformasında sinif (qrup) siyahılarına daxil edilməlidirlər. Bu proses əldə edilmiş lisenziyanın formasına uyğun olaraq ya fərdi müəllimlər tərəfindən ya da məktəb administratorları tərəfindən yerinə yetirilir. Şagirdlərdən (tələbələrdən) heç bir halda qeydiyyatdan keçmək tələb olunmur. Əgər hər hansı bir fərdi müəllim platformada lisenziya əldə etmişdirsə, öz hesabında siniflər yarada və şagirdlər əlavə edə bilər. Əgər müəllim platformaya aid olduğu məktəbin (və ya hər hansı müəssisənin) administartoru tərəfindən daxil edilmişdirsə, bu halda müəllim Siniflər səhifəsində yaradılmış sinifləri və şagird siyahılarını görə bilər (əgər məktəb administratoru daxil edibsə).
Sinif (qrup) yaratmaq üçün müəllimin əsas panelində "Siniflər | Qruplar" düyməsini basmaqla müvafiq səhifəyə keçmək lazımdır. Açılan səhifədə "Yeni sinif yarat" düyməsi basılır, sinfin (qrupun) adı (məsələn, 10C, informatika, 560a və sair) daxil edildikdən sonra "Sinfi yadda saxla" düyməsi basılır.
Sinif (qrup) yaratdıqdan sonra sinifə tələbələr əlavə etmək üçün həmin sinifə aid olan "Tələbələrə bax" düyməsini basmaq lazımdır. Açılan səhifədə "Yeni tələbə əlavə et" hissəsinə tələbənin (şagirdin) ad və soyadını daxil etdikdən sonra "Tələbəni sinifə əlavə et" düyməsi basılır. Bu zaman həmin tələbə sinif siyahısına daxil olunur və proqram tərəfindən avtomatik olaraq həmin tələbəyə giriş kodu (parol) təyin edilir. Bu giriş kodu müəllim tərəfindən hər tələbəyə fərdi şəkildə təqdim olunur. Sinifə daxil edilmiş hər bir tələbə (şagird) öz ad-soyadını və giriş kodunu daxil etməklə şəxsi kabinetinə girə və burada öz imtahan tarixçəsi ilə bağlı ətraflı məlumatlar ala, həmçinin müəlliminin yaratdığı mövzulara uyğun olaraq səhv etdiyi suallara müvafiq "Mövzu Əsalı Fərdiləşdirilmiş Öyrənmə Yolunu" görə bilər.
Şagird adlarını bir-bir daxil etmək əvəzinə kütləvi olaraq da daxil etmək mümkündür. Bunun üçün səhifədəki "Hamısını birdən (Kopiyala və Yapışdır)" xüsusiyətindən istifadə etmək lazımdır. Hər hansısa mətn redaktorunda siyahı şəklində olan tələbə adlarını kopiyaladıqdan sonra müvafiq hissəyə yapışdırmaq lazımdır. Bu halda fikir vermək lazımdır ki, siyahıda tələbələrin ad və soyadından başqa simvol (məsələn, sıra sayı) olmasın. Kütləvi idxal zamanı da proqram hər tələbəyə giriş kodu təyin edir.

7. Mövzular yaratmaq
UniversiTest platformasında mövzular yaratmaq mümkündür. Mövzuların əsas funksiyası tələbələri çətinlik çəkdikləri mövzular üzrə yönləndirməkdir. Əgər tələbə (şagird) hər hansı mövzuya daxil olan ən azı bir suala səhv cavab verərsə, öz şəxsi kabinetinə daxil olduqda həmin mövzuda izah videosu və ya istiqamətverici mətnlə qarşılaşacaq. Bundan ötrü müəllim öz panelindən Mövzular səhifəsinə daxil olmalı və testlərinə uyğun mövzular yaratmalıdır. Mövzu yaratmaq üçün "Yeni Mövzu Yarat" bölməsində mövzunun adını, mövzunu izah edən YouTube video linkini və qısa xülasə daxil etmək lazımdır. Yaradılmış mövzulardan istifadə etmək üçün hər hansı testə sual əlavə edərkən o suala uyğun mövzunu seçmək (etiketləmək, teqləmək) lazımdır. Bu halda həmin suala səhv cavab verən tələbə (şagird) öz şəxsi kabinetinə daxil olduqda həmin videoizahla (və ya istiqamətverici mətnlə) qarşılaşacaqdır. Müəllim "Siniflər" səhifəsində "Tərəqqini izlə" (qrafik işarəsi) düyməsini basaraq sinif üzrə tərəqqini izləməklə yanaşı tələbənin mövzuların mənimsənilməsi ilə bağlı olan cari vəziyyətini də görə bilər.